“Bu zombiləşdirmə proqramının tərkib hissələrindən biridir. Zəif təfəkkürə malik cəmiyyətlərdə süni gözəllik standartları inkişaf edir. Normal insan üçün belə bir anlayış, standart yoxdur. Yalnız xüsusi tibbi göstəriş olduqda estetik əməliyyatlara müraciət etmək olar. Yəni, insan sağlamlığı ilə bağlı hər hansı problem yaranarsa, belə addımlar atılır”.
Bu fikirləri Hafta.az-a Azərbaycanda estetik əməliyyatlara marağın artmasının səbəbləri barədə danışarkən sosioloq Elçin Bayramlıbildirib.
Onun sözlərinə görə, indiki vəziyyət sadəcə qlobal əxlaqsızlığın təbliğ olunmasıdır:
“Diqqət etsək görərik ki, bu kimi hallar zəif cəmiyyətlərdə geniş yayılıb. İnkişaf etmiş ölkələrdə nadir hallarda rast gəlinir və ağıllı cəmiyyətlərdə buna ehtiyac duyulmur”.
Ekspert vurğulayıb ki, son 30 ildə müasirlik və qadın azadlığı adı altında xanımlar üzərində çox ciddi iş aparılıb:
“Bu məsələnin təbliğ olunması üçün şou-biznes, tibb, psixologiya və müxtəlif sahələr üzrə şəxsləri yetişdirərək cəmiyyətin canına salıblar. Həmin şəxslərə qlobal mərkəzlər tərəfindən 250 milyon dollardan artıq qrant formasında vəsait ayrılıb. Bu vəsaitlər əxlaqsızlığın təbliğ olunmasına, ailə institutunun dağıdılmasına, milli-mənəvi dəyərlərin aşılanmasına yönəldilib. Problem o qədər dərinləşib ki, artıq qarşısında heç kim dura bilmir. Adını da qoyublar “gözəllik”. Əksinə bunun adı çirkinlikdir, gözəlliyə zərrə qədər də aidiyyəti yoxdur. Bu robot sistemi formalaşdırmaqdır, az da olsa ağıla sahib insan buna normal yanaşa bilməz”.